Bakı. 23 noyabr. REPORT.AZ/ Yaponiyanın Fukusima prefekturasında noyabrın 22-də baş vermiş 7,4 ballıq güclü zəlzələdən sonra 80-dən çox yeraltı təkan qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə "NHK" teleşirkəti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlardan ən güclüsü 5,7 ballıq zəlzələ olub. O, 7,4 ballıq zəlzələdən 18 saat sonra qeydə alınıb. Qeyd edək ki, dünən Sakit okean sahillərində, Fukusima prefekturasında yerli vaxtla saat 5:59-da 7,4 ballıq zəlzələ olub.
Zəlzələ nəticəsində sunami yaranıb. Sunami təhlükəsi yalnız günün ikinci yarısında aradan qalxıb.
Meteoroloqlar güclü yeraltı təkanların həftə ərzində davam edəcəyini bildirirlər.
Son məlumata görə, zəlzələ zamanı 15 nəfər ölüb.