Paris. 23 aprel. REPORT.AZ/ Dünyanın bir sıra ölkələrində yaşayan Fransa vətəndaşlarının prezident seçkilərində iştirakı üçün problemlər ortaya çıxıb.
"Report"un Fransa bürosu xəbər verir ki, Fransadan kənarda yaşayan seçicilərin məntəqələrinin qarşısında uzun sürən növbələrı yaranıb.
Qeyd edək ki, həftə sonu, Fransadan xaricdə 866 seçki məntəqəsi fəaliyyət göstərib və xaricdə yaşayan 1,8 milyon fransalı seçki siyahısına yazılıb. Lakin seçicilər seçki məntəqələrinin qarşısında saatlarla növbədə dayanmalı olublar.
Kanadanın Kvebek vilayətinin ən böyük şəhəri sayılan Monrealda 57 min fransalının səs verdiyi yeganə seçki məntəqəsinin qarşısında yaranmış növbə 2 saata qədər davam edib. Bazar günü isə 72 min seçicisinin qeydiyyata alındığı, iki seçki məntəqəsinin fəaliyyət göstərdiyi London şəhərində də eyni vəziyyət təkrarlanib. Analoji vəziyyət həmçinin Tokyo, Honq-Konq şəhərlərində də müşahidə edilib.
Xatırladaq ki, 2016-cı ilin dekabrında xarici ölkələrdə ümumilikdə 1.782188 fransalı seçici qeydiyyatdan keçib ki, bu rəqəm 2005-ci illə müqayisədə 4,16% yüksəkdir. Fransızlar daha çox beş ölkədə - İsveçrədə, Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Belçika və Almaniyada məskunlaşıblar.