Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin separatçılar tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Donetskin dövlət administrasiyasının Səhiyyə Departamentinə istinadən yaydığı məlumatda bildirilir.
"Şənbə günü səhər saatlarında müvəqqəti olaraq separatçıların işğalı altında olan qondarma DXR tərəfdən Mariupol şəhərindəki yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində biri uşaq olmaqla, 23 nəfər ölüb.
Daha 93 nəfər, o cümlədən 8 uşaq xəsarət alıb. Xəstəxanada biri uşaq olmaqla, daha 7 nəfər dünyasını dəyişib", - deyə məlumatda bildirilir.
Belə olan halda, ölənlərin ümumi sayı 30 nəfərə çatıb, onlardan 2-si uşaqdır - 15 yaşlı qız və 5 yaşlı oğlan.
Xatırladaq ki, bu gün separatçılar Mariupol şəhərinin yaşayış məntəqələrini yaylım atəşi sistemindən atəşə tutublar.