Ukraynada yaşayan etniklər ana dilləri ilə bağlı ölkə prezidentinə müraciət ediblər

Ukraynada yaşayan etniklər ana dilləri ilə bağlı ölkə prezidentinə müraciət ediblər Azsaylı xalqların nümayəndələri bununla bağlı öz təkliflərini və tövsiyələrini irəli sürüblər
Digər ölkələr
25 Fevral , 2016 18:51
Ukraynada yaşayan etniklər ana dilləri ilə bağlı ölkə prezidentinə müraciət ediblər

Bakı. 25 fevral. REPORT.AZ/ Ukraynada yaşayan azsaylı xalqların dillərinə status verilməsiylə bağlı ölkə rəhbərliyinə müraciət edilib. Müraciət ölkədə yaşayan etnik xalqların nümayəndələri tərəfindən olunub. Ukrayna Millətlər Assambleyasından "Report"a verilən məlumata görə, sənədin müəlifləri arasında Assambleya rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də var.

Bununla bağlı qərar etnik xalqları təmsil edən təşkilatlar tərəfindən Kiyevdə Ukrayna Millətlər Assambleyası və Ukraynanın Millətlər Cəmiyyəti üzrə Şurası tərəfindən keçirilən "Ana dili - milli, sosial və mədəni şüurun mühüm elementi" adlı toplantıda verilib.

Tədbirdə Ukrayna Mədəniyyət Nazirliyinin rəsmisi Yelizaveta Serbina, Kiyev Şəhər Administrasiyasının rəsmisi Vladimir Qorovyov, alimlər, mütəxəssislər və ölkədə yaşayan yəhudi, azərbaycanlı, rus, çex, alman, kürd, qaqauz, polyak və digər xalqların nümayəndələri iştirak ediblər.

R.Tağıyev bildirib ki, Ukraynada, xüsusilə hazırkı şəraitdə ölkədə yaşayan azsaylı xalqların dil eyniliyinin qorunub saxlanması, dövlət qayğısı vacib şərtdir: “Ukraynada etnik xalqların milli dili ilə bağlı hər hansı təzyiq yoxdur. Amma bəzi məmurlar bu barədə məsuliyyətsiz davranırlar”.

Tədbir iştirakçıları ölkədə yaşayan etnik xalqların və dini liderlərin bu barədə birgə fəaliyyəti və dövlətdən bununla bağlı preferensiyaların tələb olunmasını müzakirə ediblər. Azsaylı xalqların nümayəndələri bununla bağlı öz təkliflərini və tövsiyələrini irəli sürüblər.

Sonda Ukrayna Ali Radasına (parlament), prezident Pyotr Poroşenkoya və Nazirlər Kabinetinə ölkədə yaşayan azsaylı xalqlaırn dil statusu ilə bağlı tələb və təkliflər paketi göndərilib.

Son xəbərlər

Orphus sistemi