Bakı. 15 fevral. REPORT.AZ/ Ukraynada separatçılar atəşkəs rejimini pozaraq Luqansk vilayətinin Zolotoe şəhərində antiterror əməliyyatı (ATƏ) qüvvələrinin mövqelərini atəşə tutublar.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Administrasiyasının keçirdiyi brifinqdə ölkənin Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko məlumat verib.
Silahlı Qüvvələr Baş qərargahının mətbuat katibi Vladislav Seleznevin məlumatına görə isə, Bakı vaxtı ilə 04:30-a olan vəziyyətə görə, separatçılar 9 dəfə ATƏ qüvvələrinin mövqelərini atəşə tutublar.
"Azov" alayının mətbuat xidmətinin Facebook-da yaydığı məlumata görə, Donetsk vilayətinin Şirokino kəndi yaxınlığında gedən döyüşlərdə 3 Ukrayna hərbçisi həlak olub, daha 50 nəfər yaralanıb.
"Səhər saat 07:00-dan davam edən (14 fevral, - red.) ağır döyüşlər nəticəsində düşmən Şirokino yaşayış məntəqəsindən tam olaraq çıxarılıb", - deyə məlumatda bildirilir.