Yuxarı

Ukrayna yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib

Ukraynanın BMT-də daimi nümayəndəsi: Rusiya Ukraynanın şərqini işğal etməyə hazırlaşır

Bakı. 5 sentyabr. REPORT. AZ/ Rusiya Ukraynanın şərqini işğal etməyə hazırlaşır. Report-un BMT xəbərlər mərkəzinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Minskdə Ukrayna və Rusiya prezidentlərinin görüşündən sonra vəziyyət daha da pisləşib. O, yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Ukrayna nümayəndəsi jurnalistlərə bildirib ki, sentyabr ayının 4-də səhər saatlarında Rusiya tankları Novoazovskdan Mariupol istiqamətində yola çıxıb. Onun sözlərinə görə, tankların irəliləməsinə Ukrayna silahlı qüvvələri və yerli sakinlər mane olublar. Yuri Sergeyev həmçinin Rusiya ərazisindən "Smerç" və "Uraqan" raket qurğuların raket atəşlərinin davam etdiyini də vurğulayıb. Y.Sergeyev bildirib ki, bunu keçən həftə ATƏT müşahidəçiləri də təsdiq ediblər.  

"Rusiyanın son hərəkətləri Osetiyada olduğu kimi, genişmiqyaslı işğala hazırlığa işarə edir. Rusiya nümayəndələri Donetsk və Luqanskda rus pasportlarını kütləvi şəkildə paylama prosesinə başlayıblar. Bu addım "öz vətəndaşlarını" qorumaq adı altında Ukraynaya qoşun yeritmək məqsədi üçün atılır" - deyə, Sergeyev qeyd edib. 

Ukraynanın BMT-dəki daimi nümayəndəsi beynəlxalq ictimaiyyətə müraciət edib. "Bütün mürəkkəb halları nəzərə alaraq, biz Ukraynanın xaricdən təcavüzünə müqavimət göstərməsi məqsədilə iqtisadi və maliyyə dəstəyi üçün müraciət etməyə məcburuq. Biz beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasına təzyiqi davam etdirməyə və onu XXI əsrdə qəbuledilməz siyasətdən əl çəkməyə vadar etməyə çağırırıq" - deyə, nümayəndə bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi