Yuxarı

Ukrayna Rusiyadan Minsk razılaşmalarına əməl olunmasını tələb edir

Pyotr Poroşenko Vadimir Putinə məktub ünvanlayıb

BAKI. 28 yanvar. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanlayaraq Minsk razılaşmalarına əməl olunmasını tələb edib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, məktubda qeyd olunur ki, Donbas bölgəsində yaşanan böhranın qarşısını ancaq Minsk razılaşmalarının müddəalarını həyata keçirilməklə almaq mümkündür.

P.Poroşenko həmçinin hazırda Rusiyada həbsdə olan Ukraynalı hərbi pilot Nadejda Savçenkonun azad edilməsini istəyib.

Qeyd edək ki, yanvar ayının ortasında V.Putin də Kiyevə məktub ünvanlamışdı. Rusiya prezidenti tərəflərə Donbas bölgəsindəki ağır texnikanın arxa cəbhəyə çəkilməsini təklif etmişdi.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Minskdə Ukrayna hökumətilə tanınmamış Donetsk və Luqansk "xalq respublikaları" arasında atəşkəs razılaşması imzalanıb. Danışıqlarda Ukraynanın sabiq prezidenti Leonid Kuçma, tanınmamış "Donetsk Xalq Respublikası"nın baş naziri Aleksandr Zaxarçenko, tanınmamış "Luqansk Xalq Respublikası"nın rəhbəri İqor Plotnitski, Rusiyanın Kiyevdəki səfiri Mixail Zurabov, həmçinin ATƏT təmsilçisi Haydi Talyavini iştirak ediblər.

İmzalanmış sənəd 12 bənddən ibarətdir. Orada atəşkəsə əməl olunması və əsirlərin dəyişdirilməsi əksini tapıb. Zurabovun bildirdiyinə görə, atəşkəs sənədin ilk maddəsində əks olunub, digər müddəalar isə monitorinq üzrə strukturun yaradılmasını nəzərdə tutur. Atəşin dayandırılması əmrindən sonra Ukrayna prezidenti Pyotr Poroşenko xarici işlər naziri Pavel Klimkinə ATƏT-lə birlikdə "atəşkəs razılaşmasına əməl olunmasına effektiv beynəlxalq nəzarət"in təmin olunmasını tapşırıb. Poroşenkonun sözlərinə görə, Minsk razılaşması onların təklif etdikləri sülh planına əsaslanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi