Yuxarı

Türk Hava Yolları Liviyaya uçuşları tamamilə dayandırıb

Buna səbəb Yunanıstana məxsus Araevo adlı neft tankerinın hava hücumuna məruz qalmasıdır

Bakı. 5 yanvar. REPORT.AZ/ Türk Hava Yolları (THY) Liviya istiqamətində uçuşların həyata keçirilməsini tamamilə dayandırıb. "Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Liviyanın Darna limanında lövbər salmış Yunanıstana məxsus "Araevo" adlı neft tankerinın hava hücumuna məruz qalmasıdır. Bu hadisədən sonra Türk Hava Yolları Misrata şəhərinə də uçuşları ləğv edib və bununla da Liviyaya həyata keçirilən uçuşlar tamamilə dayandırılıb. Liviyaya uçuşlar həyata keçirən yeganə xarici şirkət olan Türk Hava Yolları ötən ay da Tripoli, Benqazi və Sebha şəhərlərinə səfərləri ləğv etmək məcburiyyətində qalmışdı. 

Qeyd edək ki, Yunanıstan gəmisinin hava hücumuna məruz qalması nəticəsində 26 nəfərlik ekipaj üzvündən ikisi ölüb, ikisi isə yaralanıb. Yunanıstan Xarici İşlər Nazirliyi hadisəni qətiyyətlə pisləyib. Bəyanatda ölənlərdən birinin Yunanıstan, digərinin Rumıniya vətəndaşı olduğu, plən Yunanıstan vətəndaşının cənazəsinin ölkəyə gətirilməsi üçün müəyyən addımlar atıldığı vurğulanıb. Hücumu Liviyanın dünya ictimaiyyətinin böyük əksəriyyəti tərəfindən tanınan hökumətinə bağlı hərbi hava qüvvələri üzərinə götürüb. 

Liviya Hərbi Hava Qüvvələrinin sözçüsü polkovnik Əhməd Mesmari tankerin limana girərkən işıqlarını söndürdüyünü və yoxlama üçün dayanmağı rədd etdiyini deyib. O, tankerin şübhəli yük daşıdığı üçün vurulduğunu söyləyib. 

Liviya dövlətinin "National Oil" şirkətinə məxsus "Araevo" tankerinin ekipajı üzvlərinin 21 filippinli, 3 yunan və 2 rumından ibarət olduğu açıqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi