Trampa qarşı iqamətgahında tapılan gizli sənədlərlə bağlı cinayət işində ittiham irəli sürülüb

Trampa qarşı iqamətgahında tapılan gizli sənədlərlə bağlı cinayət işində ittiham irəli sürülüb ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 2022-ci ilin avqustunda onun iqamətgahında tapılan məxfi sənədlərlə bağlı cinayət işi üzrə rəsmi ittiham irəli sürülüb.
Digər ölkələr
9 İyun , 2023 05:03
Trampa qarşı iqamətgahında tapılan gizli sənədlərlə bağlı cinayət işində ittiham irəli sürülüb

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı 2022-ci ilin avqustunda onun iqamətgahında tapılan məxfi sənədlərlə bağlı cinayət işi üzrə rəsmi ittiham irəli sürülüb.

“Report” xəbər verir ki, bu barədə sabiq prezidentin özü məlumat verib.

Trampın ittiham olunduğu maddələr iyunun 13-də, o, Mayamidə formal olaraq polisə təslim olmalı olduğu vaxt bəlli olacaq. Bundan sonra siyasətçi barəsində həbs-qətimkan tədbiri seçiləcək, istintaqın materialları dərc olunacaq.

“The New York Times” iki mənbəyə istinadən yazır ki, ittiham aktında yeddi epizod olacaq. İstintaqı xüsusi olaraq təyin edilmiş müstəqil prokuror Cek Smit aparır.

Açıqlamasında Tramp özünü təqsirli bilməyib və ABŞ üçün bu günü “qaranlıq” hesab etdiyini yazıb. Prokurorlar və Ağ ev rəsmiləri iddialar açıqlananadək Smitin qərarı ilə bağlı şərh verməyəcəklərini bildiriblər.

Xatırladaq ki, bu, Donald Trampa qarşı ikinci cinayət işidir. Aprel ayında o, Nyu York Ştatının Böyük Andlı İclasçılar Heyəti (Grand Jury) tərəfindən biznes hesabatlarını saxtalaşdırmaqda ittiham olunub. Onun məhkəməsi 2024-cü ilin martında başlanacaq.

Eyni zamanda Tramp qarşıdan gələn seçkilərdə Respublikaçı Partiyasından prezidentliyə namizəd olmaq üçün əsas namizəddir. İttihamların hər hansı biri üzrə təqsirli bilinib həbsxanaya göndərilsə belə, bu, onu ABŞ prezidentliyinə namizəd olmaq hüququndan məhrum etməyəcək.

Məxfi sənədlər işinə gəlincə, 2021-ci ildə ABŞ Milli Arxivi Trampdan Ağ evdən götürülmüş sənədləri qaytarmağı istəyib. Belə ki, prezidentlərin işi ilə bağlı materiallar dövlətin mülkiyyəti hesab olunur. 2022-ci ilin yanvar ayında 15 qutu kağız dövlətə qaytarılıb. Bundan sonra rəsmilər Trampdan sənədlərin qalan hissəsini bir neçə ay ərzində qaytarmağı tələb ediblər. Avqustda Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezidentin iqamətgahında axtarış aparıb.

Digər amerikalı siyasətçilərdə də məxfi sənədlər tapılıb. Trampın dövründə prezident vəzifəsində çalışmış respublikaçı Mayk Pens və hazırkı prezident, demokrat Cozef Bayden (onun Barak Obama dövründə vitse-prezident kimi işi ilə bağlı apardığı materiallar) Milli Arxivin tələbi ilə bütün sənədləri qaytarıb. Keçən həftə Pensdə tapılmış sənədlərlə bağlı araşdırma dayandırılıb.

Son xəbərlər

Orphus sistemi