ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-də keçiriləcək inauqurasiyasına qədər ölkənin birinci şəxslərinin mühafizəsini təmin edən ABŞ Məxfi Xidmətinin hazırkı rəhbərinin vəzifəsindən azad edilməsini elan etməyi planlaşdırır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Yeni direktor Trampın şəxsi mühafizə xidmətinin rəisi Şon Karran ola bilər.
Mənbələrin məlumatına görə, Məxfi Xidmətə kadr dəyişiklikləri ilə bağlı hələ rəsmi bildirişlər daxil olmayıb, lakin xidmətin əməkdaşları hesab edirlər ki, prezident agentliyin direktoru vəzifəsini icra edən Ronald Rounun səlahiyyət müddətini uzatmayacaq.
Rou 2024-cü ilin iyulunda Kimberli Çitlin istefasından sonra ABŞ Məxfi Xidmətinin direktoru vəzifəsinin icraçısı təyin edilib. Çitl iyulun 13-də Trampın seçki kampaniyası zamanı ona qarşı sui-qəsd cəhdi ilə əlaqədar xüsusi xidmət orqanlarının işinin uğursuzluğuna görə tənqid atəşinə tutulub. Karran son dörd ildə Trampın şəxsi mühafizəsinə rəhbərlik edir.
CNN telekanalının ABŞ Məxfi Xidmətindəki mənbələri da Karranın gözlənilən təyinatı barədə məlumat veriblər. Kanalın müsahiblərinin fikrincə, Karranın belə böyük və mürəkkəb quruma rəhbərlik etmək üçün kifayət qədər təcrübəsi yoxdur və o, agentliyin qərargahında və ali rəhbərliyində vəzifə tutmayıb.