Bakı. 30 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, onun prezidentliyi dövründə Vaşinqtonla Pxenyan arasında münasibətlər yaxşılaşıb.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumatda bildirilir ki, Ağ Ev rəhbəri Qərbi Virciniyadakı çıxışında hətta Kim Çen Inla münasibətlərinin əla olduğunu deyib. "Şimali Koreya ilə münasibətlərimiz əladır. Mən prezident vəzifəsinin icrasına başlayanda Pxenyana qarşı olduqca sərt mövqe tuturdum. Bilirsiniz nə var? İndi bizim münasibətlərimiz əladır. Baxaq sonra nə olacaq", - deyə o bildirib.
"Əvvəlcə mən onun kimi çox sərt idim. Lakin sonra diskussiya başladı. Daha sonra biz bir-birimizi sevdik. Düzdür - o mənə gözəl məktublar yazdı. Biz bir-birimizi sevdik", - deyə Tramp əlavə edib.