Bakı. 9 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp keçmiş qubernator Con Hantsmana Birləşmiş Ştatların Rusiyadakı səfiri vəzifəsini təklif edib.
"Report"un məlumatına görə, bu barədə "İntefax" ABŞ mediasına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, xəbər ABŞ administrasiyasındakı iki mənbə tərəfindən təsdiqlənib. Hantsman özü buna şərh verməkdən imtina edib. Lakin məlumatlı mənbə onun Trampın təklifini qəbul etdiyini bildirib.
Hazırda təyinat məsələsi sənədlərin rəsmiləşdirilməsi mərhələsindədir. Hantsmanın zəngin diplomatik təcrübəsi var. O, Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Sinqapurda səfiri olub. Barak Obama administrasiyası illərində isə Birləşmiş Ştatların Çindəki maraqlarını təmsil edib.
"Politico" qəzeti Hantsmanın seçkiqabağı kampaniya dövründə Trampın ünvanına kəskin ittihamlar səsləndirdiyini vurğulayıb.