Bakı. 4 avqust. REPORT.AZ/ Yaponiya polisi və yanğınsöndürənləri dünyanın ən böyük balıq bazarı olan Tsukidzidə baş verən yanğının qalıqlarının təmizlənməsinə başlayıb.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, yanğın avqustun 3-də gecə saatlarında qeydə alınıb. Hadisə nəticəsində heç kim xəsarət almasa da, bazarın 935 kvadratmetr sahəsi külə dönüb.
Yanğın nəticəsində yeddi binaya ziyan dəyib. Alovun tam söbdürülməsinə 15 saat vaxt lazım gəlib.
Hələlik yanğının səbəbləri məlum deyil, hazırda hadisə araşdırılır.
Qeyd edək ki, Tokioda 80 il əvvəl yaradılan bazara hər il onminlərlə insan baş çəkir. Bazar turistlər arasında Yaponiya paytaxtının ən məşhur yerlərindən sayılır.