Tayvanda seçici yaş həddinin endirilməsi üçün keçirilən referendum baş tutmamış sayılıb

Tayvanda seçici yaş həddinin endirilməsi üçün keçirilən referendum baş tutmamış sayılıb Noyabrın 26-da Çin Respublikasında (Tayvan) şəhər merləri və mahal başçılarının seçkiləri ilə eyni vaxtda keçirilən seçicilərin minimum yaş həddinin 20-dən 18-ə endirilməsinə dair referendum kifayət qədər səs toplamadığı üçün baş tutmamış sayılıb
Digər ölkələr
27 Noyabr , 2022 06:46
Tayvanda seçici yaş həddinin endirilməsi üçün keçirilən referendum baş tutmamış sayılıb

Noyabrın 26-da Çin Respublikasında (Tayvan) şəhər merləri və mahal başçılarının seçkiləri ilə eyni vaxtda keçirilən seçicilərin minimum yaş həddinin 20-dən 18-ə endirilməsinə dair referendum kifayət qədər səs toplamadığı üçün baş tutmamış sayılıb.

“Report” xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti Mərkəzi Seçki Komissiyasının yekun hesablamalarına istinadən məlumat yayıb.

Martın sonunda Qanunverici Yuanın (adanın parlamenti) deputatları hökumətin seçkilərdə səsvermə yaşının aşağı salınması təklifini yekdilliklə dəstəkləyiblər. Bununla belə, konstitusiyaya müvafiq düzəliş yalnız ümumxalq səsverməsindən sonra qəbul edilə bilərdi. Eyni zamanda, seçicilərin ən azı yarısının, yəni 9,65 milyon nəfərin dəstəyi tələb olunsa da, 5,6 milyon nəfər təklifin lehinə, 5 milyonu isə əleyhinə səs verib.

Hazırda Tayvanda, qanunlara əsasən, 20 yaşından seçkilərdə səs vermək, 23 yaşından isə namizədliyi irəli sürmək mümkündür.

Noyabrın 26-da referendumla eyni vaxtda şəhər merləri, mahal başçıları və yerli hakimiyyət orqanlarının digər rəhbərləri üçün seçkilər keçirilib. Onlarda müxalif Qomindan Partiyasından olan namizədlər inamla qələbə qazanıblar. Tayvanın Prezidenti Say İnven məğlubiyyətdə özünü günahlandıraraq adada hakim Demokratik Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verib.

Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.

Son xəbərlər

Orphus sistemi