Bakı. 5 yanvar. REPORT.AZ/ "2013-cü ildə Suriyada kimyəvi silahdan istifadə olunarkən müdaxilə etmədiyimiz üçün peşmanam". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland "France İnter" radiosuna müsahibəsində deyib.
O, Fransanın İŞİD-ə qarşı mübarizədə Suriyadakı hökumətin başçısı B.Əsədlə əməkdaşıq edib-etməyəcəyi ilə bağlı sualı belə cavablandırıb: "Belə əlaqələrdən yayınmaq daha yaxşı olar. Şeytanla bir yerdə hərəkət etdiyiniz zaman Allahın yardım etməsi çox nadir haldır".
F.Olland İraq və Suriyada sabitliyin yaranması üçün İranın önəmli ortaq olduğunu vurğulayıb.
Suriyada müxalifəti dəstəkləmək məcburiyyətində qaldıqlarını deyən Fransa prezidenti bunları söyləyib: "2013-cü ildə Suriyada kimyəvi silahdan istifadə olunarkən müdaxilə etmədiyimiz üçün peşmanam. Həmin vaxt müdaxilə gerçəkləşmədi. İndi isə qarşımızda İŞİD var. İŞİD-in isə B.Əsədlə əlaqəsinin olmasını araşdırırıq".