Yuxarı

Suriyanın İdlib və Hələb vilayətlərinə endirilmiş zərbələr nəticəsində 68 nəfər ölüb, 78 nəfər yaralanıb

Son 19 gündə 773 nəfər mülki vətəndaş həyatını itirib

Bakı. 5 dekabr. REPORT.AZ/ Bəşər Əsəd rejiminə məxsus hərbi qüvvələr tərəfindən Suriyanın İdlib və Hələb vilayətlərinə qurudan və havadan endirilmiş zərbələr nəticəsində onlarla insan həyatını itirib və yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Suriyanın şimalındakı İdlib və Hələb vilayətinin bombardman edilməsi zamanı 68 nəfər ölüb, 78 nəfər yaralanıb. Ölənlərin əksəriyyətinin mülki vətəndaşlar olduğu bildirilir.

İdlibin Marret el Numan rayonunun mülki müdafiə qüvvələrinin rəsmisi Əbdüləziz Kiytaz agentliyə bildirib ki, Suriya ordusuna aid hərbi təyyarələrin motosikl bazarını bombalaması nəticəsində 27 mülki şəxs ölüb, 40 nəfər yaralanıb.

Kiytaz həmçinin bombardmana məruz qalmış ərazidə böyük dağıntıların baş verdiyini, çoxlu sayda iş yerinin istifadəsiz hala düşdüyünü də vurğulayıb. Bəşər Əsəd rejiminə məxsus hərbi təyyarələrin Kafr Nabl rayonuna etdiyi hücumlar nəticəsində isə 12 nəfər ölüb, 23 nəfər yaralanıb.

"Rejim bu gün İdlib vilayətində satış meydanlarını və bazarları hədəfə alıb. Əsədə məxsus hərbi qüvvələrin hücumları zamanı çoxlu sayda insan yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Rejim hücumlarını Hələbdən sonra İdlibə istiqamətləndirib" – deyə Kiytaz bildirib. 

Məlumatda həmçinin vurğulanır ki, son 19 gündə ölkədə 773 nəfər mülki vətəndaş həyatını itirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi