Bakı. 20 iyul. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı qüvvələrin Ramazan bayramı ərzində həyata keçirdiyi hücumlarda 36-sı uşaq, 24-ü qadın olmaqla 157 nəfər həyatını itirib.
"Report"un "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SNHR) məlumata yayıb.
Xəbərdə bildirilir ki, Bəşşar Əsədə bağlı qüvvələrin hərbi təyyarələri və helikopterlərinin bayram boyunca müxaliflərin nəzarətindəki bölgələrə hücumları davam edib: "Rejimə müxtəlif şəhərlərdə "Şəbbiha", "Hizbullah" yaraqlıları dəstək verib. Əsəd qüvvələri bayram müddətində 5 qətliam həyata keçirib".
Xatırladaq ki, Hələbin şimal-şərqində yerləşən İŞİD-in nəzarəti altındakı Bab rayonunda Həzrət Ömər ilə Məscidul Kəbir məscidlərinə bayram namazı əsnasında təşkil edilən hücumda 5 nəfər həyatını itirmişdi.
Eyni zamanda, paytaxt Dəməşqdə müxaliflərin nəzarətindəki ərazilər başda olmaqla, İdlib və Hələbdə xalqın əksəriyyəti hərbi təyyarələrlə helikopterlərin insanların sıx olduqları yerlərə mümkün hücumlarından dolayı bayram namazı və qəbiristanlıq ziyarətlərinə getməyib.