Bakı. 25 iyun. REPORT.AZ/ Suriyanın hökumət qüvvələri İŞİD terrorçularının ölkənin şimal-şərqində yerləşən və hazırda mühasirədə olan Deyr-əz-Zor şəhərinə bir neçə hücumunun qarşısını alıblar.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən Suriyanın SANA milli agentliyi məlumat yayıb.
Terrorçular şənbə günü şəhərin eyni anda bir neçə rayonuna, eləcə də, şəhər müdafiəçiləri və yaraqlılar arasında müntəzəm olaraq amansız döyüşlərin getdiyi qəbiristanlıq tərəfdən hücum ediblər.
Döyüşlər zamanı Süriya ordusu 20 İŞİD terrorçusunu zərərsizləşdirib və yaraqlıları əvvəlki mövqelərinə geri çəkilməyə məcbur edib.
Hazırda şəhərin təqribən yarısı hökumət qoşunlarının nəzarəti altındadır. Yaraqlılar üç ildən çoxdur ki, həm hərbçiləri, həm də mülki şəxsləri mühasirədə saxlayırlar.