Yuxarı

Surinam prezidentinin oğluna "Hizbullah" təşkilatına dəstəyə görə 16 il həbs cəzası verildi

Dino Bauterse vətəni Surinamda Hizbullah təşkilatının nümayəndəliyi açmaq istədiyini etiraf edib

Bakı. 11 mart. REPORT.AZ/ Panamadan ABŞ-a 2013-cü ilin avqust ayında ekstradisiya edilən Surinam prezidentinin oğlu, 42 yaşlı Dino Bauterse Livanın "Hizbullah" təşkilatına verdyi dəstəyə görə Nyu-York məhkəməsi tərəfindən 16 il həbs cəzasına məhkum edilib.

"Report"un "Gazeta.Ru" saytına istinadən verdiyi xəbərə görə, narkotik maddə qaçaqmalçılığında ittiham olunaraq ABŞ-a təhvil verilən D.Bauterse, narkotik maddələr alveri ilə məşğul olduğunu etiraf etməklə kifayətlənməyib, vətəni Surinamda "Hizbullah" təşkilatının nümayəndəliyi açmaq istədiyini etiraf edib.

Qeyd edək ki, Surinam prezidenti Dezi Bautersenin özü də narkotik maddələr alverinə görə məsuliyyətə cəlb olunub. O, 1999-cu ildə Niderlanda 450 kiloqramdan çox kokain apardığına görə qiyabi olaraq həbs cəzasına məhkum edilib. İki ölkə arasında ekstradisiya barədə saziş olmadığından Dezi Bauterse həbsdən yaxasını qurtarıb. 2010-cu ildə prezident seçildiyinə görə diplomatik toxunulmazlıq almış və İnterpol onun həbsi üçün orderi geri çağırıb.

Xatırladaq ki, Dezi Bauterse 1980-1987-ci illərdə də Surinamda hakimiyyətdə olmuş hərbi xuntaya başçılıq edib. O, çoxsaylı cinayətlərdə, o cümlədən siyasi rəqiblərini aradan götürməkdə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi