Bakı. 14 sentyabr. REPORT.AZ/ Sudanın hakim partiyası Milli Konqres ölkənin üzləşdiyi ciddi iqtisadi çətinlikləri aradan qaldırmaq ümidi ilə yeni hökumət formalaşdırıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin köməkçisi Feysəl Həsən İbrahim Sudanın partiya rəhbərliyinin toplantı başa çatdıqdan sonra bildirib.
Ölkədə iqtisadi böhranın kəskinləşməsi şəraitində Sudan prezidenti Ömər əl-Bəşir ötən həftə nazirliklərin sayının 31-dən 21-dək azaldılması və hökumətin buraxılması haqqında fərman imzalayıb. Meliorasiya və Energetika Nazirliyinin keçmiş rəhbəri Moiataz Məhəmməd Musa Sudan hökumətinin yeni baş naziri olub.
Prezident köməkçisinin sözlərinə görə, həmçinin daxili işlər, iqtisadiyyat və maliyyə, habelə neft, qaz və mineral ehtiyatlar nazirləri də dəyişdirilib.