Bakı. 11 aprel. REPORT.AZ/ Son həftə ərzində Türkiyədə 43 terrorçu zərərsizləşdirilib.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, ölkənin təhlükəsizlik qüvvələri aprelin 3-dən 10-a kimi Tunceli, Ərzurum, Batman, Diyarbəkir, Bitlis, Mardin, Şırnak, Siirt, Hakkari, Van, İqdır və Bingöl vilayətlərində 456 anti-terror əməliyyatı keçirib. Əməliyyat zamanı 33 terrorçu məhv edilib, habelə terrorçuların 61 sığınacağı dağıdılıb, 52 əldəqayırma partlayıcı qurğu və mina məhv edilib. Həmçinin 1,654 ton partlayıcı vasitə, o cümlədən 68 əl qumbarası, silah və s. götürülüb.
Bu müddət ərzində terrorçulara kömək etməkdə şübhəli bilinən 570 nəfər, İŞİD-lə əlaqədə şübhəli bilinən 77 nəfər saxlanılıb. Bununla yanaşı, Fətullah Gülənin terrorçu təşkilatına qarşı mübarizə çərçivəsində 1963 nəfər də saxlanılıb.
Eləcə də sol təmayüllü terror təşkilatlarına iştirakda şübhəli bilinən 76 nəfər saxlanılaraq istintaqa cəlb edilib.