​Son bir ildə Rusiya NATO ölkələrinin sərhədini 15 dəfə pozub

​Son bir ildə Rusiya NATO ölkələrinin sərhədini 15 dəfə pozub Türkiyə sərhədlərinin Rusiya tərəfindən pozulması bu statistik göstəricidə nəzərə alınmayıb
Digər ölkələr
27 Noyabr , 2015 13:14
​Son bir ildə Rusiya NATO ölkələrinin sərhədini 15 dəfə pozub

Bakı. 27 noyabr. REPORT.AZ/ NATO-ya üzv ölkələrin sərhədini pozaraq, Rusiyanın yaratdığı təhlükə ilə bağlı alyans 15 dəfə həyəcan siqnalı verib.

"Report" xəbər verir ki, bu haqda Almaniyada çıxan "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, 2014-cü ilin sentyabrından Rusiyaya məxsus sualtı qayıqların, casus və döyüş təyyarələrinin yaratdığı təhlükə səbəbindən NATO həyəcan uçuşu edib.

Xəbərdə həmin hadisələr tarixləri ilə göstərilib:

2014-cü il sentyabrın 19-da Rusiyanın döyüş təyyarəsi Norveçin hava sərhədinə yaxınlaşıb. NATO-nun "Eurofighter" tipli hərbi təyyarəsi rus qırıcılarını təqib edib.

2014-cü il oktyabrın 17-24-də Rusiyanın sualtı qayıqları İsveçin dəniz sahillərində müşahidə edilib.

2014-cü il oktyabrın 28-də Rusiyanın 6 hərbi təyyarəsinin Baltik dənizi üzərindəki beynəlxalq hava sahəsinə girdiyi məlum olub.

2014-cü il oktyabrın 29-da Böyük Britaniya Hərbi Hava Qüvvələri Rusiyanın hərbi təyyarələrinin uçuşunu havada əngəlləyib.

2014-cü il oktyabrın 31-də Böyük Britaniya təyyarələri ölkəyə aid uçuş məlumatlarının toplandığı bir sahədə "Tupolew Tu-95" tipli Rusiya döyüş təyyarəsini müşayiət ediblər.

2015-ci il fevralın 28-də Böyük Britaniya Rusiyanın iki döyüş təyyarəsini Manş dənizi üzərindəki mülki təyyarəyə yaxınlaşdığını qeydə alıb.

2015-ci il fevralın 29-də Rusiyanın hərbi təyyarəsinin Fransanın şimal-şərqində sərnişin təyyarəsinə yaxınlaşdığı açıqlanıb.

2015-ci il martın 17-də Rusiyanın sualtı qayığı Şimali İrlandiyanın dəniz sahilində görünüb.

2015-ci il aprelin 13-də Böyük Britaniyanın 3 gəmisi Manş dənizindən keçən Rusiyaya məxsus hərbi gəmini müşayiət edib.

2015-ci il mayın 12-də Finlandiya körfəzi üzərində Rusiyaya aid bir hərbi casus təyyarəsi təsbit olunub.

2015-ci il mayın 14-də Böyük Britaniyadan uçan iki döyüş təyyarəsi Şotlandiyaya doğru hərəkət edən Rusiyanın iki qırıcısının Britaniyaya aid hava sərhədini pozmasına mane olub.

2015-ci il avqustun 31-də Rusiyaya məxsus qırıcılar Baltik dənizi üzərində təsbit edildiyindən NATO-nun hərbi təyyarələri havaya qaldırılıb.

Qeyd edək ki, Türkiyə sərhədlərinin Rusiya tərəfindən pozulması bu statistik göstəricidə nəzərə alınmayıb. Rusiya Suriyada hava əməliyyatlarına sentyabrın 30-da başlayıb. Bu müddət ərzində Rusiya Türkiyənin hava sərhədini 5 dəfə pozub. Sonuncu dəfə noyabrın 24-də belə hadisə baş verib. Rusiya pilotlarına 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, sərhədi pozanlar çağırışlara məhəl qoymayıb. Nəticədə Türkiyə Hərbi Hava Qüvvələri Rusiyaya məxsus "Su-24" təyyarəsini vurub.

Son xəbərlər

Orphus sistemi