Bratislava Avropa Komissiyasından (AK) Brüsselin Mərkəzi Avropa ölkələrinə daşqın fəsadlarının aradan qaldırılması üçün ayırdığı 10 milyard avrodan 1 milyard avro alacaq.
“Report” xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitsonun bəyanatına istinadən “Teraz” portalı məlumat yayıb.
Slovakiya Baş nazirinin sözlərinə görə, 1 milyard avro onun ölkəsinə, 5 milyard avro Polşaya, 2 milyard avro Çexiyaya, 1,5 milyard avro Rumıniyaya və 500 milyon avro Avstriyaya çatacaq.
Sentyabrın 16-da daşan Dunay çayı Slovakiya paytaxtının mərkəzi hissəsindəki sahil ərazilərini su altında qoyub. Bələdiyyə xidmətləri çaya yaxın ərazilərdə qoruyucu qurğular quraşdırıb və polis şəhər sakinlərinə Dunaya yaxınlaşmamağı tövsiyə edib. Həmçinin Bratislava qalası da ziyarətçilər üçün bağlanıb, çünki onun əsasındakı divarlardan biri suyun təsirindən uçub. İqtidarın ilkin qiymətləndirmələrinə görə, ölkədə daşqından dəyən ziyan artıq 20 milyon avroyu keçib.
“Boris” siklonu son günlərdə Avropaya çatıb və özü ilə böyük miqdarda yağıntı gətirib. Alp dağlarına yağan intensiv yağışlar sonucunda bir neçə çayda, o cümlədən Dunayda suyun səviyyəsi qalxıb. Daşqınların nəticələrini Mərkəzi Avropanın bir sıra ölkələrinin sakinləri hiss ediblər.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Mərkəzi Avropanın daşqından zərər çəkmiş ölkələrinin infrastrukturunun bərpası üçün 10 milyard avro ayıracaq.