​Şimali Koreyanın nüvə sınağı keçirməsi dünyada ciddi etiraza səbəb olub

​Şimali Koreyanın nüvə sınağı keçirməsi dünyada ciddi etiraza səbəb olub Yaponiyanın baş naziri: "Nüvənin yayılmaması haqda qaydaları pozduğu üçün Şimali Koreyaya cavabmız çox sərt olacaq"
Digər ölkələr
6 Yanvar , 2016 10:05
​Şimali Koreyanın nüvə sınağı keçirməsi dünyada ciddi etiraza səbəb olub

Bakı. 6 yanvar. REPORT.AZ/ "Nüvənin yayılmaması haqda qaydaları pozduğu üçün Yaponiyanın Şimali Koreyaya cavabı çox sərt olacaq",

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Sindzo Abe bildirib.

Baş nazir qeyd edib ki, Şimali Koreyanın sonuncu nüvə sınağı Yaponiyanın təhlükəsizliyinin təhdid edir: "Biz onların nüvə sınağı keçirməsinə heç bir halda dözə bilmərik".

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi ilə bağlı yanvarın 6-da təcili toplantı keçirəcək. Toplantı ABŞ və Yaponiyanın müraciətləri əsasında çağırılıb. Məlumata görə, yığıncaq qapalı olacaq.

Cənubi Koreya şimaldakı qonşu dövlətin yeni nüvə sınağını kəskin mühakimə edib. Ölkə xarici işlər nazirinin müavini Lim Sun Nam deyib: "Bu, Şimali Koreyanın növbəti təxribatı, BMT Təhlükəsizlik Şurası qətnamələrinin pozulması, dünyada sülh və təhlükəsizliyə qarşı təhdid çağırışıdır".

Cənubi Koreya prezidenti Pak Kın He Təhlükəsizlik Şurasının təcili iclasını çağıraraq, ordunun hazırlıq vəziyyətinin yüksəldilməsi haqda qərar qəbul edib.

Qeyd edək ki, Şimali Koreya 2006, 2009 və 2013-cü illərdə də nüvə sınaqları keçirib.

BMT Təhlükəsizlik Şurası isə rəsmi Pxenyanın bu hərəkətinə cavab olaraq ölkəyə müxtəlif sanksiyalar tətbiq edib.

ABŞ isə Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirdiyini hələ təsdiqləməyib.

TASS-ın məlumatına görə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının təmsilçisi Ned Prays deyib ki, ölkəsinin rəhbərliyi Koreya yarımadasında, Şimali Koreyanın nüvə poliqonundakı seysmik fəallıqdan xəbərdardır. "Biz vəziyyəti müşahidə edirik, bölgədəki müttəfiq dövlətlərlə sıx əlaqə saxlayaraq, vəziyyəti dəyərləndiririk.

ABŞ Şimali Koreyanı heç vaxt nüvə dövləti kimi qəbul etməyəcək. Biz Şimali Koreyanın istənilən təxribatları qarşısında bölgədəki müttəfiqlərimizi, o cümlədən Cənubi Koreyanı dəstələyəcək və müdafiə edəcəyik".

Qeyd edək ki, Şimali Koreya Punqeri nüvə poliqonunda növbəti "uğurlu nüvə sınağı" keçirdiyini bildirib.

Dünyada ilk termonüvə partlayışını 1952-ci il noyabrın 1-də ABŞ həyata keçirib. Ondan bir qədər sonra-avqustun 12-də isə keçmiş SSRİ ilk neytron bombasını sınaqdan keçirdiyini elan etmişdi. 

Son xəbərlər

Orphus sistemi