Şimali Koreya yeni “Hvason-18” qitələrarası ballistik raketini (QBR) sınaqdan keçirib.
“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının rəsmi KİV-i məlumat yayıb.
Qeyd olunub ki, sınağa şəxsən Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.
Bildirilib ki, yeni QBR Pxenyanın nüvə əks-hücumunun effektivliyini əhəmiyyətli dərəcədə artıracaq.
Şimali Koreya cümə axşamı səhər Pxenyan yaxınlığındakı bir nöqtədən Yapon dənizinə doğru orta və ya uzaqmənzilli ballistik raket buraxıb. Cənubi Koreya ordusunun hesablamalarına görə, yüksək bucaqlı raket suya düşməzdən öncə təxminən 1 000 km yol qət edib.
Qeyd edək ki, buraxılış Şimali Koreyanın mərhum banisi Kim İr Senin 111-ci doğum günündən iki gün öncə baş tutub və Pxenyanın ilk hərbi peykini orbitə çıxarmaq üçün uzaqmənzilli raket buraxa biləcəyi ilə bağlı fərziyyələr fonunda baş verib. Bundan öncə Şimali Koreya peykin buraxılması ilə bağlı hazırlığı apreldə başa çatdıracağına söz vermişdi.