Bakı. 24 iyun. REPORT.AZ/ "Böyük Britaniyanın Avropa İttifaqından çıxması bizim İrlandiya ilə birləşməyimizlə bağlı referendum keçirilməsi üçün əsas olacaq".
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Şimali İrlandiyanın ən böyük millətçi partiyası "Şinn Feyn"in sədri Deklan Kirni deyib.
"Referendum nəticəsində burada siyasi landşaftı kəskin dəyişir. İrlandiya ilə sərhədlərimizin aradan qaldırılması üçün referendum keçirilməsi məqsədilə səylərimizi artıracağıq", - deyə D.Kirini bildirib.
Siyasətçi qeyd edib ki, referendumun nəticələri Britaniya hökumətini Şimali İrlandiyanın maraqlarını təmsil etmək hüququndan məhrum edir. Belə ki, Şimali İrlandiya vətəndaşları Britaniyanın Aİ-nin tərkibində qalmasını istəyirdi.
Xatırladaq ki, BBC-nin məlumatına əsasən, Böyük Britaniyada Avropa İttifaqına üzvlüklə bağlı keçirilən referendumun nəticələrinə görə seçicilərin 52%-i Aİ tərkibindən çıxmağın lehinə səs verib, Şimali İrlandiyada isə seçicilərin əksəriyyəti Aİ-də qalmağı üstün tutub.