Şarl Mişel: “Aİ Ukraynada separatçı ərazilərin tanınmasına qətiyyətlə reaksiya verəcək”“Ukraynada iki separatçı ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır.
“Ukraynada iki separatçı ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır.
Aİ və onun tərəfdaşları buna birlik, möhkəmlik və həmrəyliklə qətiyyətlə reaksiya verəcəklər”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün tviterdəki hesabında yazıb.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Rusiyaya xəbərdarlıq edib.
“Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, biz buna çox fəal və qətiyyətlə cavab verəcəyik”, - Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
“Biz prosesləri çox yaxından izləyirik. Ukraynadakı durumun tənzimlənməsinə dəstək verməyə tam hazırıq”, - o bildirib.
Şarl Mişel həmçinin Minsk razılaşmalarını dəstəklədiyini söyləyib.
Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlar başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətləri separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.
Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.
2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.
Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
The recognition of the two separatist territories in #Ukraine is a blatant violation of international law, the territorial integrity of Ukraine and the #Minsk agreements
EU and its partners will react with unity, firmness and determination in solidarity @ZelenskyyUa@POTUS