Bakı. 22 fevral. REPORT.AZ/ Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ilk fürsətdəcə, vətəninə qayıdacağına vəd verib.
"Report" xəbər verir ki, bunu Ukraynada hakimiyyət dəyişikliyinin ildönümündə, həmin vaxt prezident postunu tutan, hazırda isə Rusiyada mühacirətdə olan sabiq prezident Viktor Yanukoviç aparıcı Rusiya telekanallarına müsahibəsində bildirib.
O, müxalifətə rəhbərlik etmək üçün dəfələrlə Ukraynaya qayıtmağa səy göstərdiyini, lakin yaxın ətrafının buna qəti olaraq qarşı çıxdığını bildirib. Yanukoviçin sözlərinə görə, o, məhz bu səbəbdən sözügedən ideyanı təxirə salıb, lakin ondan tam olaraq imtina etməyib.
Sabiq prezident hazırda hadisələrin inkişafını kənardan diqqətlə izlədiyini söyləyib.
"İmkan düşən kimi, mən qayıdacağam və insanların həyatını yüngülləşdirmək üçün əlimdən gələni edəcəyəm", - deyə Yanukoviç qeyd edib.