Bakı. 30 dekabr. REPORT.AZ/ Tunisdə keçirilən prezident seçkisinin ikinci turunun rəsmi nəticələri açıqlanıb.
"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, ölkənin Müstəqil Yüksək Seçki Mərkəzinin sədri Şəfiq Sərsar prezident seçkisinin ikinci turunun nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, Tunisin "Nida"sı Partiyasının namizədi əl-Baci Qaid əs-Sibsi səslərin 55,68 faizini, müstəqil namizəd, dövlətin indiki başçısı, Məhəmməd Münsif əl-Merzuki isə səslərin 44,32 faizini toplayıb.
Dekabrın 31-də parlamentdə əs-Sibsinin əl-Merzukidən hakimiyyəti təhvil alaraq, and içəcəyi gözlənilir.
2015-ci il yanvarın 14-dən isə əs-Sibsi rəsmi olaraq Tunisi idarə etməyə başlayacaq.
Xatırladaq ki, seçkinin ikinci turu dekabrın 21-də keçirilib.