Yuxarı

Saakaşvilini korrupsiya ilə mübarizə üzrə ekspert qismində Moldovaya dəvət edirlər

Kirill Qaburiç: Saakaşvili və onun komandası islahatların həyata keçirilməsində yaxşı tərcrübəyə malikdir

Bakı. 7 may. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili korrupsiya ilə mübarizə üzrə ekspert qismində Moldovaya dəvət olunacaq. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Moldovanın baş naziri Kirill Qaburiç bildirib.

Onun sözlərinə görə, bu məsələ Ukrayna prezidenti Pyotr Poroşenko və onun müşaviri olan Saakaşvili ilə görüşdə müzakirə olunub. 

"Saakaşvili və onun komandası islahatların həyata keçirilməsində yaxşı təcrübəyə malikdirlər", - Qaburiç hesab edir. O bildirib ki, onlar bu yaxınlarda Kişinyova gələcək və dövlət strukturlarının bütün sahələrinə yayılan korrupsiya ilə mübarizə məsələlərində Moldova hökumətinə ekspert kimi yardım göstərəcək. Qaburiç hesab edir ki, Moldova hökumətinin rüşvətxorluqla mübarizədə səylərinə baxmayaraq, bu istiqamətdə hələlik kəsərli addımlar atılmayıb. 

Bununla yanaşı, Saakaşvili barəsində öz vətənində axtarış elan olunub. Gürcüstan Baş Prokurorluğu sabiq prezidenti xidməti səlahiyyətlərdən sui-istifadə, dövlət vəsaitinin israf edilməsi və digər cinayətlərdə ittiham edir və Ukrayna hökumətindən onun ekstradisiyasını tələb edir. Saakaşvili 2013-cü ildə yeni prezident Georgi Marqelaşvili vəzifəyə gəldikdən sonra Gürcüstanı tərk edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi