Bakı. 26 yanvar. REPORT.AZ/ “Suriyanın mövcud konstitusiyanın 1-ci maddəsində ölkə “Suriya Ərəb Respublikası” adlanır, layihədə isə bunun “Suriya Respublikası” adına dəyişdirilməsi təklif edilir”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu, Rusiyanın Suriyaya təklif etdiyi yeni konstitusiya layihəsində bildirilib.
Həmin layihədəki maddələrin bəzilərini diqqətinizə çatdırırq.
Məlumata görə, layihədə ölkənin ərazi bütövlüyü qorunub saxlanılsa da, kürdlərə “muxtariyyət” verilməsi təklif edilib.
Ölkənin mövcud konstitusiyasında “Suriyanın prezidenti müsəlman olmalıdır” maddəsi layihədə aradan qaldırılır.
Layihədə ərəb olmayan bölgə əhalisinin öz dilini seçmə haqqı tanınır. Bu, Suriyadakı kürdlərə “muxtariyyətdə kürdcəni rəsmi dil elan etməsinə yol açır”.
Rusiyanın təqdim etdiyi sənədə əsasən, prezidentin bir dönəmlik səlahiyyət müddəti 7 il nəzərdə tutulur. Xəbərdə bildirilib ki, bu, Bəşşər Əsədin 7 ildən sonra prezident vəzifəsindən ayırılacağı deməkdir.
Qeyd edək ki, bu il yanvarın 23-24-də Qazaxıstanın paytaxtı Astanada Türkiyə, İran və Rusiyanın təşəbbüsü ilə Suriyadakı vəziyyətin nizamlanmasına dair görüş keçirilib.