Bakı. 22 mart. REPORT.AZ/ Sankt-Peterburq Polis Patrul Xidmətinin üç əməkdaşı oğurluqda şübhəli bilinərək saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Peterburq və Leninqrad vilayətləri üzrə Baş İdarəsinə istinadən TASS agentliyi məlumat yayıb.
Polis əməkdaşları vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
"Polis əməkdaşları xidmət zamanı üç vətəndaşı saxlayıblar. Polislər vətəndaşların üzərinə baxış zamanı, onlardan 8 min rubl məbləğində pul vəsaiti və bir mobil telefon oğurlayıblar. Daha sonra saxlanılan vətəndaşlar hər hansı bir sənəd tərtib olunmadan sərbəst buraxılıblar", - deyə məlumatda bildirilib.
Polisin məlumatına görə, müqəssir bilinən şəxslər daxili işlər orqanlarından xaric ediləcək və mövcud qanunvericilik normalarına görə məsuliyyət daşıyacaqlar.