Bakı. 24 dekabr. REPORT.AZ/ Rusiya və NATO arasında beynəlxalq hərbi əməkdaşlıq dayandırılıb, lakin Rusiya Müdafiə Nazirliyindən bu faktı normal qiymətləndirirlər. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası müdafiə nazirinin müavini Anatoli Antonov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə NATO ilə hərbi sahədə əlaqələr Alyansın təşəbbüsü ilə dondurulub. Bu qərar Brüsseldə birtərəfli qaydada qəbul edilib.
Nazir müavini qeyd edib ki, RF Müdafiə Nazirliyində "NATO-dakı həmkarlarının qərarına normal yanaşıblar".
O əlavə edib ki, xarici tərəfdaşlar son illər müsbət nəticələrin əldə olunduğu layihələrin həyata keçirilməsini dayandırıblar.
"Bu, həm dəniz quldurluğu, həm terrorizmə qarşı mübarizə, həm də Əfqanıstan və ətraf regionda təhlükəsizlik məsələləridir. Hava məkanında əməkdaşlıq təşəbbüsü də dondurulub. Həmin əməkdaşlıq çərçivəsində hava məkanında terror aktlarına qarşı cavab mexanizmləri formalaşdırılıb", - A.Antonov bildirib.
O vurğulayıb ki, Ukraynanın NATO-ya daxil olması Rusiya və Şimal Atlantika Alyansının münasibətlərinin tam pozulmasına gətirib çıxaracaq.