Bakı. 28 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" ABŞ administrasiyasının yüksək vəzifəli şəxsinə istinadən xəbər verib.
Məlumatda bildirilir ki, dövlət başçılarının telefon danışığı 45 dəqiqə davam edib. Bu, Trampın dövlət başçısı vəzifəsinin səlahiyyətlərini icra etməyə başlamasından sonra ABŞ və Rusiya dövlət başçıları arasında ilk telefon danışığıdır.
Danışıqlara ABŞ-ın vitse-presidenti Mayk Pens də qoşulub. Prezidentlərin müzakirə mövzusu barəsində hər hansı məlumat verilmir.
Qeyd edək ki, bundan əvvəl Trampla Almaniya kansleri Angela Merkel və Yaponiyanın baş naziri Abe Sindzo arasında da telefon danışığı olub.
***21:26
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Tramp planlaşdırılmış telefon söhbətinə başlayıblar.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda Ağ Evin mətbuat katibi Şon Spayser "Twitter" sosial şəbəkəsindəki mikrobloqunda bildirib.
O, Donald Trampın Rusiya prezidenti ilə telefon danışığının fotosunu da sosial şəbəkəyə yerləşdirib. Hələlik dövlət başçılarının hansı məsələləri müzakirə etməsi barədə məlumat verilmir.
Spayser həmçinin qeyd edib ki, Trampın Almaniya kansleri Angela Merkellə telefon danışığı 45 dəqiqə davam edib.