Fevralın 2-nə keçən axşam Rusiya ordusunun Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə “İsgəndər-K” raketi ilə endirdiyi zərbə nəticəsində 3 mülki şəxs həlak olub, daha 20 nəfər yaralanıb.
“Report”un xəbərinə görə, bu barədə Donetsk vilayətinin polisi məlumat yayıb.
Məlumata görə, zərbə zamanı azı 8 yaşayış binasına ziyan dəyib, onlardan biri tamamilə dağılıb.
"Düşmən hücumu saat 21:45-də baş verib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Polis Rusiyanın hərbi cinayətinin nəticələrini sənədləşdirir. 11 operativ istintaq qrupu, partlayıcı maddələr üzrə ekspertlər, kinologlar, həkimlər, patrul polisi və digər bölmələr hadisə yerində işləyir”, - məlumatda deyilir.
İnsanların hələ də dağıntılar altında qala bildiyi qeyd edilir. Zərərçəkmiş evlərin sakinləri sığınacaqlara təxliyə olunur.
Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərinə yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində iki dinc sakin ölüb, səkkiz nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu Telegram kanalında məlumat yayıb. Qeyd edilir ki, Donetsk Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında müharibə qanunlarının və adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) üzrə ibtidai istintaq aparılıb.
İstintaqın məlumatına görə, fevralın 1-də Rusiya Federasiyasının qoşunlarının Kramatorska raket zərbələri yaşayış binasına düşüb.
"İndi dağılmış evin dağıntıları altında iki nəfərin öldüyü məlumdur. Səkkiz mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb", - prokurorluq qeyd edib.





