Buxarest. 9 iyun. REPORT.AZ/ Rumıniyanın sabiq prezidenti Trayan Basesku və onu xanımı Mariya Basesku Moldova vətəndaşlığına qəbul olunub.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bununla bağlı Moldova prezidenti Nikolae Timofti müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, T.Basesku Moldova vətəndaşlığı üçün 2016-cı il martın 18-də ərizə ilə müraciət edib. O, hələ prezidentliyi dönəmində Moldova mətbuatına açıqlamasında Ruminiyanın dövlət başçısı vəzifəsindən getdikdən sonra qonşu ölkənin vətəndaşlığını almaq üçün müraciət edəcəyini bildirmişdi.
T.Basesku 1939-cu il sərhədləri çərçivəsində “Böyük Rumıniya”nın yenidən yaradılmasının tərəfdarlarından biridir. O, hər zaman çıxışlarında bildirib ki, Moldovanın Avropaya inteqrasiyası Rumıniyaya birləşdirilməsinə istiqamətlənib. T.Basesku hesab edir ki, Moldova ilə birləşmə Rumıniyanın NATO və Avropa İttifaqına daxil olmasından sonra xarici siyasətindəki növbəti vacib layihə olmalıdır.