Rumıniyada keçirilmiş parlament seçkilərində müxalif Sosial-Demokrat Partiyası (SDP) bülletenlərin 95 %-nin sayılmasından sonra önə keçib.
“Report” xəbər verir ki, bunu ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb.
“Digi” telekanalı bildirib ki, sosial-demokratlar səslərin 29,8 %-ni, hakim Milli Liberal Partiya (MLP) 25,11 %-ni, “Rumıniyanın xilası birliyi – Azadlıq, birlik və həmrəyliyin partiyaları” birliyi isə 14,5 %-ni əldə edib.
Bununla birgə, 5 faizlik səddi daha 2 partiyanın keçəcəyi gözlənilir. Bunlar Rumınların Birliyi uğrunda Alyans (8,7 %) və ölkədə macar azlığını təmsil edən Rumıniya Macarlarının Demokratik Birliyidir (6 %).
Məlumata görə, 19 milyon əhalisi olan Rumıniyada seçkilərdə 5 milyondan çox insan iştirak edib. “Euronews” telekanalı səsverməyə seçicilərin 30 %-dən azının qatıldığını bildirib. Bu, ölkədə yarım milyondan çox insanı cənginə alan koronavirus pandemiyası ilə əlaqələndirilir.
Qeyd edək ki, ötən gün Rumıniyada parlament seçkiləri keçirilib. Ölkədə qanunverici orqan iki palatadan – Senat və Deputatlar Palatasından ibarətdir. Qanunverici orqanın üzvləri 4 illik müddətinə seçilir. Rumıniya Senatının 136, Deputatlar Palatasının 329 üzvü var.