​Rumıniyada 4 nazir istefaya göndərilib

​Rumıniyada 4 nazir istefaya göndərilib Baş nazirin bu qərarı prezident tərəfindən dəstəklənib
Digər ölkələr
6 İyul , 2016 00:56
​Rumıniyada 4 nazir istefaya göndərilib

Buxarest. 6 iyul. REPORT.AZ/ Rumıniyanın baş naziri Daçian Çioloş 4 naziri istefaya göndərib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunlar nəqliyyat naziri Dan Kostesku, rabitə və informasiya naziri Marius Bostan, təhsil naziri Adrian Kuraj, xaricdə yaşayan rumınlarla iş üzrə nazir-nümayəndə Dan Stoeneskudur.

Baş nazir D.Çioloş qəbul etdiyi qərarla bağlı prezident Klaus Yohannisi məlumatlandırdığını bildirib.

“Biz hər bazar ertəsi prezidentlə görüşürük və müxtəlif mövzular ətrafında müzakirələr aparırıq. Mən nazirlərin istefası ilə bağlı qərarımı dövlət başçısı Klaus Yohannisə çatdırdım. Prezident isə öz razılığını bildirib”.

Baş nazir əlavə edib ki, bu dəyişiklik rəhbərlik etdiyi komandaya yeni nəfəs gətirəcək.

“Hazırlıq müddətindən sonra hökumət yeni mərhələyə daxil olur, bu, nəticə göstərmək mərhələsidir. Əlbəttə gələcəkdə hökumətin tərkibində yeni dəyişikliklərin olacağı istisna edilmir”, - deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, baş nazir nəqliyyat naziri vəzifəsinə Rumıniya Hava Yolları – “TAROM” şirkətinin baş direktorunun müavini Sorin Buşeni, təhsil naziri vəzifəsinə Buxarest Universitetinin rektoru Mirçya Dumitrunu, rabitə və informasiya naziri vəzifəsinə Hökümət başçısı Dəftərxanasının rəhbəri Dragoş Tudorakeni və xaricdə yaşayan rumınlarla iş üzrə nazir-nümayəndə vəzifəsinə isə ölkənin Kanadadakı səfiri Mariya Liqorun namizədliylərini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi