Rumıniya Portuqaliyadan "F-16" qırıcı təyyarələri alıb - FOTO

Rumıniya Portuqaliyadan "F-16" qırıcı təyyarələri alıb - FOTO Nazir: "Qırıcıların alınması müdafiə potensialının güclənməsinə qoyulan investisiyadır”
Digər ölkələr
29 Sentyabr , 2016 06:39
Rumıniya Portuqaliyadan F-16 qırıcı təyyarələri alıb - FOTO

Buxarest. 29 sentyabr. REPORT.AZ/ Rumıniya Hərbi Hava Qüvvələri öz hərbi hava döyüş texnikası arsenalına ilk altı ədəd “F-16” (Fighting Falcon) qırıcı təyyarələrini qəbul edib.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Portuqaliyadan alınan “ikinci əl” qırıcılar bu ölkənin “Monte Real” hərbi bazasında Rumıniya tərəfinə təqdim edilib.

Bu münasibətlə hərbi bazada keçirilən mərasimdə çıxış edən Rumıniyanın müdafiə naziri Mihnea Motoc bildirib ki, bu gün həm ölkəsi, həm də Hərbi Hava Qüvvələri (HHQ) üçün tarixi bir gündür. “F-16 qırıcılarının alınması Rumıniya müdafiə potensialının güclənməsinə qoyulan əhəmiyyətli investisiyadır”, - deyə o, əlavə edib.

Qeyd edək ki, 2013-cü ildə Rumıniya Portuqaliyadan 12 ədəd “F-16” tipli qırıcı təyyarələrin alınması barədə qərar qəbul edib. Təyyarələrin alınması Rumıniya büdcəsinə 628 milyon avroya başa gəlib. Qırıcılar xüsusi olaraq bu tip döyüş texnikaları üçün modernləşdirilən “Feteşi” və “Campia Turzii” aviabazalarına yerləşdiriləcək.

Xatırladaq ki, hazırda Rumıniya HHQ-in arsenalında “Mig-21 LancerR”, “IAR-99 Șoim”, “Iak-52”, “C-27J”, “C-130 Hercules”, “IAR-316” və “AN-30” tipli təyyarələr mövcuddur. 

Son xəbərlər

Orphus sistemi