Rumıniya parlamenti hökumətə etimad məsələsini müzakirə edəcək

Rumıniya parlamenti hökumətə etimad məsələsini müzakirə edəcək Buxarestdə artıq neçə gündür hökumət əleyhdarları Qələbə meydanını tərk etmirlər
Digər ölkələr
8 Fevral , 2017 06:15
Rumıniya parlamenti hökumətə etimad məsələsini müzakirə edəcək

Buxarest. 08 fevral. REPORT.AZ/ Bu gün Rumıniya parlamenti Sorin Qrindyanu hökumətinə etimad məsələsini müzakirə edəcək.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, müzakirələr Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Paytaxt Buxarestdə artıq 8-ci gündür ki, hökumət əleyhdarları Qələbə meydanını tərk etmirlər. Аksiyaya qoşulan minlərlə etirazçı hökumətin istefasını, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Etiraz tədbirləri Braşov, Kluj, Bistrita, Sibiu və digər şəhərlərdə keçirilir.

Qeyd edək ki, fevralın 6-da parlament Senatının və Deputatlar Palatasının plenar iclaslarında müxalifətdə olan Milli Liberal Partiyası və eləcə də "Rumıniyanı Qoru" Birliyinin deputatları tərəfindən Sorin Qrindyanu hökumətinə etimadsızlıq votumunun ifadə olunmasına dair qətnamənin mətni təqdim olunub.

Ölkə prezidenti Klaus İohannis isə ötən gün parlamentdə çıxış edərək hökumətdən ölkədə baş verən son hadisələri qısa zamanda aradan qaldırmağı tələb edib. Prezident həmçinin korrupsiyaya qarşı mübarizədə xalqın dəstəyini öyrənmək məqsədilə referendum təşkil ediləcəyini də vurğulayıb.

“Parlamentə ünvanladığım məktubun cavabını alar-almaz ümumxalq səsverməsi keçiriləcək”, - deyə prezident bildirib. Baş nazir Sorin Qrindyanu öz növbəsində parlamentin təsdiqləyəcəyi təqdirdə, hökumətin referendumun keçirilməsini təşkil edəcəyini vurğulayıb. “Prezidentin təşəbbüsü ilə keçiriləcək referendumun təşkilinə hökumət pul tapacaq. Əlbəttə 50 milyon avronun tapılması elə də asan olmayacaq, amma hökumət cəhd edəcək”, - deyə baş nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi