Yuxarı

Riqada Latviyanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfrans keçirilib

Dövlətçilik lehinə seçim konfransında ölkənin baş naziri, Konstitusiya Məhkəməsinin sədri çıxış edib

Riqa. 8 may. REPORT.AZ/ Riqada Latviya Universitetində Konrad Adenuer Fondu tərəfindən təşkil olunan "Dövlətçilik lehinə seçim" adlı konfrans keçirilib. 

"Report"un Latviyaya ezam olunmuş müxbiri xəbər verir ki, konfrans mayın 4-də qeyd olunan Latviyanın dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunub. 

Tədbirdə çıxış edən Latviyanın baş naziri Laymdoma Strauyuma qeyd edib ki, may Latviya üçün həm müsbət, həm də mənfi xatirələrlə yadda qalıb. 

O xatırladıb ki, may ayında II Dünya müharibəsinin bitməsinin 70-ci ildönümü qeyd olunur. Bu, Latviya üçün müsbət nəticələr gətirməyib, çünki Latviya məcburi şəkildə avtoritar dövlətin tərkibinə daxil edilib. Buna baxmayaraq, 1990-cı il mayın 4-də xalq öz müstəqilliyinin lehinə səs verib. O, Latviyanın müstəqilliyinin bərpa olunmasında bilavasitə iştirak edən şəxslərə minnətdarlığını bildirib. 

Öz çıxışında baş nazir Latviyanın 25 il ərzində keçdiyi yoldan danışıb, eləcə də xatırladıb ki, bu il Latviya Avropa İttifaqı Şurasında sədrlik edir. Baş nazir qeyd edib ki, bu gün Avropa İttifaqı Ukraynadakı münaqişə və Avropaya miqrantların axını kimi problemlərlə qarşılaşıb. 

Öz növbəsində Latviya Konstitusiya Məhkəməsinin sədri Aldis Lavinş vurğulayıb ki, Latviyada yeni nəsil yetişir və bu nəsil mayın 4-də baş verən hadisələrin əhəmiyyətini yaxşı bilməlidir. O qeyd edib ki, Latviyanın avtoritar dövlətin tərkibinə daxil edilməsi latışları ruhdan salmayıb və onlar 1990-cı ildə öz müstəqilliyini bərpa edə biliblər. 

Daha sonra çıxış edən Ali Məhkəmənin sədr müavini, Latviya Xalq Cəbhəsinin ilk sədri Daynis İvans konfrans iştirakçılarına ölkənin müstəqilliyinin bərpa olunması və Xalq Cəbhəsinin yaradılması tarixi haqqında təqdimat nümayiş etdirib. 

Tədbir iqtisadi, geosiyasi islahatlar mövzusunda panel müzakirələrlə davam edib. Müzakirələrdə çıxış edən siyasətçilər, iqtisadçılar və diplomatlar Latviyanın müstəqilliyinin bərpa olunmasının əhəmiyyəti, eləcə də müstəqilliyin ölkə həyatına hansı dəyişikliklərin gətridiyi haqqında danışıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi