Bakı. 27 dekabr. REPORT.AZ/ Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay gələn ilin yanvarında Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Barak Obamanı ölkəsindən çıxarılması planlaşdırılan həmin ölkəyə məxsus hərbi texnikanın Ukraynaya verilməməsinə inandırmağa çalışacaq.
"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Administrasıyasının təmsilçisi deyib.
Onun sözlərinə görə, bir müddət əvvəl Vaşinqton ABŞ-ın hərbi texnikası və silahlarının əfqan ordusuna və asayiş qüvvələrinə qalacağına təminat vermişdi.
"Bu, Əfqanıstanın cənubunda "Taliban" yaraqlılarına qarşı mübarizədə bizim ordunun döyüş qabiliyyətinin gücləndirilməsinə imkan verərdi", - əfqan rəsmi vurğulayıb.
O bildirib ki, Əfqanıstanda yerləşən ABŞ komandanlığı bu məsələni müzakirə etməkdən imtina edib: "ABŞ komandanlığından bu məsələ ilə bağlı səlahiyyətin Ağ Evdə olduğunu açıqlayıblar".
Əfqan rəsmi qeyd edib ki, Ə.Q.Əhmədzay bu səbəbdən 2015-ci ilin yanvarında məsələni Vaşinqton qarşısında daha sərt şəkildə qoymaq niyyətindədir.