Qvatemalada reabilitasiya mərkəzindəki yanğında yeniyetmələrin ölümüylə əlaqədar matəm elan edilib

Qvatemalada reabilitasiya mərkəzindəki yanğında yeniyetmələrin ölümüylə əlaqədar matəm elan edilib Ölkə prokurorluğu faciənin səbəblərinin araşdırılmasına başlayıb
Digər ölkələr
9 Mart , 2017 02:12
Qvatemalada reabilitasiya mərkəzindəki yanğında yeniyetmələrin ölümüylə əlaqədar matəm elan edilib

Bakı. 9 mart. REPORT.AZ/ Qvatemalada reabilitasiya mərkəzində baş vermiş güclü yanğın zamanı 19 yeniyetmənin ölümü ilə əlaqədar ölkədə 3 günlük milli matəm elan edilib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzi Amerika ölkəsi hökumətinin "Twitter"ində məlumat verilir.

"Virgen de la Asuncion"da qızların həlak olması ilə əlaqədar 3 günlük matəm elan olunur" – deyə hökumətin "Twitter"ində bildirilir.

Ölkənin baş prokuroru Telma Aldana bildirib ki, artıq onun rəhbəri olduğu qurum faciənin səbəblərinin araşdırılmasına başlayıb. Qvatemala Prokurorluğunun nümayəndəsi Abner Palasios isə az əvvəl bildirib ki, yanğına səbəb mərkəzdə yaşayan bir yeniyetmənin öz döşəyini yandırması ola bilər. Sonradan alov bütün binanı bürüyüb.

Yanğın ərəfəsində reabilitasiya mərkəzindən 60-ə yaxın yeniyetmə qaçıb. Onlar qida və pis rəftar əleyhinə qiyam qaldırıblar.

Qeyd edək ki, hadisə nəticəsində daha 30 nəfər xəsarət alıb. Ölkənin yanğın mühafizəsinin rəsmisi Milviya Kastolyonun sözlərinə görə, hadisə zamanı daha bir neçə nəfər itkin düşüb. Bu səbəbdən də ölənlərin sayının artacağı istisna olunmur.

Xatırladaq ki, hadisə San-Xose-Pinula şəhərindəki reabilitasiya mərkəzində baş verib. 

Son xəbərlər

Orphus sistemi