Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək Seçkilər aprelin 26-da baş tutacaq
Digər ölkələr
25 Fevral , 2015 23:38
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Bakı. 25 Fevral. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev növbədənkənar dövlət başçısı seçkilərinin təyin edilməsi barədə Qazaxıstan Xalq Assambleyasının təşəbbüsünü dəstəkləyib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, N.Nazarbayev növbədənkənar prezident seçkilərinin aprelin 26-da keçirilməsi barədə fərman imzalayıb.

Qeyd edək ki, bu il fevralın 14-də Assambleyanın iclasında onun üzvləri bəyan etmişdilər ki, dünyadakı vəziyyətin çətinləşdiyi şəraitdə Prezident Nazarbayevə ölkənin qlobal sınaqlardan uğurla keçməsi üçün ümummilli etimadın yeni mandatını vermək lazımdır.

Analitiklər qeyd edirlər ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri ilk dəfə keçirilmir. Nazarbayev beş dəfə yenidən seçilib: dörd dəfə seçkilərdə və bir dəfə prezidentin səlahiyyətlərinin uzadılması məsələsi üzrə ümumrespublika referendumu sayəsində (1995-ci ildə).

İki dəfə - 1999 və 2011-ci illərdə növbədənkənar prezident seçkiləri keçirilib. Son iki seçki kampaniyası zamanı fəaliyyətdə olan prezidentin lehinə 90 faizdən artıq səs verilib.

2007-ci ildə parlamentin qəbul etdiyi konstitusiya dəyişikliyi ölkənin ilk prezidenti Nursultan Nazarbayevə saysız-hesabsız ölkə başçısı vəzifəsinə namizəd olmaq ixtiyarı verir.

Son xəbərlər

Orphus sistemi