Yuxarı

Poroşenko: "Kiyev Krımı hərbi deyil, iqtisadi yollarla qaytaracaq"

Krım mütləq yenə bizim olacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Rəsmi Kiyev Krımı hərbi yolla deyil, iqtisadi üsullarla qaytarmaq niyyətindədir". Report Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukraynanın prezidenti Pyotr Poroşenko Kiyevdə keçirilən "Yalta Avropa Strategiyası" görüşündə deyib.

"Deyirlər ki, biz Krımı itirmişik, lakin bu belə deyil. Krıma hərbi müdaxilə olub, amma Krım mütləq yenə bizim olacaq. Və ola bilsin ki, bu, hərbi yolla baş verməyəcək. Biz krımlıların zəkası uğrunda mübarizə aparacağıq. Mən əminəm ki, bizim ölkə müstəqil, demokratik və uğurlu olacaq. Krımın Ukraynaya inteqrasiyasının yeganə yolu bizdə həyatın daha yaxşı olduğunu göstərməkdir" - deyə, Poroşenko bəyan edib. Onun sözlərinə görə, Ukraynanın şərqindəki münaqişənin də bənzər həll yolları mövcuddur.

Ukraynada 2013-cü ilin sonunda başlayan siyasi böhran Krıma da toxunub. Əllərində Rusiyanın bayraqları olan naməlum şəxslər tərəfindən ARK parlament binasının silahlı işğalından sonra Krım Ali Sovetinin növbədənkənar plenar iclasında Ukraynanın tərkibindən çıxmaq haqqında qərar qəbul olunub. Bu il mart ayının 16-da Krım Muxtar Respublikasında referendum keçirilib. Referendumun legitimliyi nə Ukrayna, nə də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunub. "Referendumun" nəticələrinə əsasən, Krım Rusiyanın tərkibinə daxil edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi