Polşanın Almaniyadakı səfiri Dariuş Pavloş böyükmiqyaslı viza saxtakarlığı iddiası ilə bağlı Almaniya Daxili İşlər Nazirliyinə çağırılıb.
“Report” xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Pavloş Almaniya Daxili İşlər Nazirliyinin dövlət katibi Bernd Krösser ilə danışıqlar aparmaq üçün Almaniya DİN-ə çağırılıb.
Bundan əlavə, Almaniyanın daxili işlər naziri Nensi Fezer polşalı həmkarı Mariuş Kaminskidən telefon danışığı zamanı əlavə məlumat verməsini istəyib. Ciddi iddialara operativ və tam aydınlıq gətirilməsi tələbi ilə yanaşı, verilən vizaların müddəti və sayı, habelə viza alanların vətəndaşlığı barədə də məlumat istənilib.
Almaniya hökumətindəki mənbələrin bildirdiyinə görə, Fezer və Krösser həmçinin qalmaqal məlum olduqdan sonra Polşa hökumətinin hansı əks tədbirlər gördüyünü də öyrənmək istəyiblər.