Politoloq: “Makronun Moskva və Kiyevə səfərləri seçkiqabağı təbliğatdır"

Politoloq: “Makronun Moskva və Kiyevə səfərləri seçkiqabağı təbliğatdır" “Moskva ilə Kiyev arasında effektiv vasitəçi olmaq seçkiqabağı bir vaxtda Makron üçün çox vacibdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Makron həm də Avropa İttifaqına sədrlik edən ölkənin başçısıdır. Dünənki görüşdə də o, həm öz adından, həm də Aİ-n
Digər ölkələr
8 Fevral , 2022 15:50
Politoloq: “Makronun Moskva və Kiyevə səfərləri seçkiqabağı təbliğatdır

“Moskva ilə Kiyev arasında effektiv vasitəçi olmaq seçkiqabağı bir vaxtda Emmanuel Makron üçün çox vacibdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Makron həm də Avropa İttifaqına sədrlik edən ölkənin başçısıdır. Dünənki görüşdə də o, həm öz adından, həm də Aİ-nin adından danışırdı”.

Bunu “Report” a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov deyib:

“Fevralın 7-də təxminən eyni vaxtda iki vacib görüş baş tutdu. Bunlardan biri Almaniya kansleri Olaf Şoltsla ABŞ Prezidenti Cozef Bayden arasında olan müzakirə idi. Şübhəsiz, tərəflər arasında Ukrayna ətrafındakı vəziyyət də müzakirə olunub. Bildiyiniz kimi, Almaniyanın bu məsələyə münasibəti Fransa və ABŞ-a nisbətən daha mülayimdir. İkinci mühüm görüş isə Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makronun iştirakı ilə keçdi. Əlbəttə, onların da əsas müzakirə mövzusu Şərqi Avropadakı durum olub. Dünən Putin həmkarını başa salmağa çalışıb ki, Ukrayna məsələsində qərar qəbul etməlidirlər. Əks halda Kiyevin NATO-ya üzv olması ilə barışa bilməz və bunun qarşısını almaqdan ötrü hərbi əməliyyatlara da başlaya bilər. Bu gün isə Makron Zelenski ilə görüşdə Donbas ətrafında vəziyyətin stabilləşməsi üçün Putinin istəklərini çatdıracaq. Əlbəttə, Ukraynada hərbi əməliyyatlar aparmaq Moskvanın özünə də sərf etmir. Çünki ciddi beynəlxalq sanksiyalarla üzləşəcək və bu da onun dünyadakı imicinə zərbə olacaq”, - politoloq bildirib.

Zaur Məmmədov
Zaur Məmmədov

Ekspertin fikrincə, Rusiya onu da başa düşür ki, Kiyev NATO-ya üzv olsa və Ukraynanın şərqində ABŞ raketləri yerləşdirilsə, Moskva üçün təhdid yaranacaq: “Ona görə də Kreml cəld qərar verilməsi niyyətindədir. Artıq dünyanın və Avropanın təhlükəsizliyi üçün ABŞ-la Rusiya arasında yeni sazişə ehtiyac var. Bu sənəddə xüsusilə NATO-nun genişlənməsinə dair müəyyən məqamlar əks oluna bilər. Yaxın vaxtlarda imzalanması ehtimal olunan razılığa əsasən Ukrayna NATO-ya üzv olmayacaq, lakin genişlənmə proqramının üzvü kimi çıxış etməsi mümkündür. Ümumiyyətlə, Kremlin əsas marağı Qara dənizin şimalında və şərqində təsir dairəsini qorumaq və kənar müdaxilənin qarşısını almaqdır. Bu, Rusiya üçün “qırmızı xət”dir. Hər halda 2020-ci ildən yeni dünyü nizamı formalaşır. İkinci Dünya müharibəsindən sonra olduğu kimi, bundan sonra da planeti məlum 5 dövlətin adı ilə (BMT Təhlükəsizlik Şurasının üzvü olan ABŞ, Böyük Britaniya, Çin, Rusiya və Fransa-red) müəyyən qüvvələr idarə edəcək. Başa düşülməlidir ki, böyük dövlətlərin maraqları bəzən ziddiyyət təşkil etsə də, onlar ortaq məxrəcə gəlməyi bacarırlar. Biz Ukrayna ətrafında baş verən hadisələrdə bir daha gördük ki, böyük güclər öz ambisiyalarını həyata keçirməyə, böyük çirkin oyunlara hazırdırlar. Bugünkü görüş də ən həlledici müzakirələrlərdən biridir. Zelenskinin Ərdoğanla görüşüb-görüşməməsi məhz Makron-Zelenski dialoqunun nəticəsindən asılı olacaq”.

Z.Məmmədov Parisin vasitəçilikdə səmimi olduğu qənaətindədir: “Fransa və Almaniya Rusiya ilə Ukrayna arasında həyata keçirdiyi barışdırma missiyasında səmimidir. Çünki həmin dövlətlərin iqtisadiyyatları həm də Rusiyadan asılıdır. Və gələcəkdə ABŞ-ın Rusiyaya sanksiyaya tətbiq etməsi Aİ-yə təsir edəcək. Qeyd edim ki, ABŞ və Rusiyanın bir-birilərinə qarşı siyasəti eynidir. Hər ikisi qarşı tərəfin qonşuları ilə münasibətinin pis olmasını istəyir. Son hadisələr göstərir ki, kimsə müharibənin başlanmasını istəmir. Çünki savaş Avropanın xəritəsini dəyişə bilər”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vyaçeslav Nikonov dünənki görüşlə bağlı danışarkən Rusiyanın kiçik məsələlərlə bağlı danışıqlara getməyəcəyini bildirib. Siyasətçi qeyd edib ki, Putin və Makron arasında aparılan danışıqlardan sonra Rusiyanın təhlükəsizlik danışıqlarında bundan sonrakı xətti bəlli olub.

Son xəbərlər

Orphus sistemi