Bakı. 23 iyun. REPORT.AZ/ Londonda "Grenfell Tower" çoxmərtəbəli yaşayış binasında 79 nəfərin ölümünə səbəb olan yanğının səbəbi mənzillərin birində soyuducunun alışaraq yanması olub.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə London polisindən bildiriblər.
Polis həmçinin binanın üz qabığının yanğın təhlükəsizliyi tələblərinə cavab vermədiyini təsdiq edib. Xatırladaq ki, jurnalistlər çoxdan binanın üz qabığının yanğının belə inanılmaz sürətlə yayılmasına səbəb olduğunu hesab edirdi.
Qeyd edək ki, paytaxtın Şimali Kensinqton bölgəsində 24 mərtəbəli "Grenfell Tower" yaşayış binasında yanğın iyunun 14-nə keçən gecə başlayıb. Rəsmi şəxslərin verdiyi informasiyaya görə, yanğın başlayan an binada 600 nəfər ola bilərdi.