Bakı. 18 mart. REPORT.AZ/ Pentaqon ABŞ prezidenti Donald Trampa terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə aparmaq üçün yeni plan təqdim edib.
“Report” “NBC News”a istinadən xəbər verir ki, bu, ölkənin keçmiş prezidenti Barak Obamaya təqdim olunmuş sənəddən elə çox fərqlənmir.
Məlumata görə, artıq planla yüksək rütbəli iki məmur tanış olub.
Adları çəkilməyən həmin məmurların sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin bu gizli planı Obamaya təqdim olunan sənəddən daha sərtliyi ilə fərqlənir.
Donald Tramp seçkiqabağı təbliğat kampaniyası zamanı Obamanın İŞİD-ə qarşı mübarizə planını tənqid etmişdi.
Məmurlar bildiriblər ki, yeni planda İŞİD-ə məxsus obyektlərə aviazərbələrin endirilməsinin vacibliyi, yerli qüvvələrə dəstək, İraqın Mosul və nəhayət, Suriyanın Rakka bölgələrinin terrorçulardan təmizlənməsi üçün yerli hakimiyyətə yardım edilməsi, habelə İŞİD-in maliyyə və yardım mənbəyinin tapılıb məhv edilməsi kimi məsələlər yer alıb.