Bakı. 15 avqust. REPORT.AZ/ Bəlucistan vilayətində törədilən iki terror aktı nəticəsində Pakistan Sərhəd Korpusunun 7 əməkdaşı ölüb.
"Report" "Dawn" nəşrinə istinadən xəbər verir ki, Pakistanın iki vilayətində - Bəlucistan və Xayber Paxtunxvada sərhəd nəzarəti həyata keçirən və asayişi qoruyan hərbçilərə qarşı terror törədilib. Hadisə Pakistanın müstəqilliyini 70 illiyi münasibəti ilə keçirilən tədbirlər zamanı baş verib.
Naməlum şəxslər Kvettadan 150 km şimal-şərqdə yerləşən Host yaşayış məntəqəsi yaxınlığında sərhədçilərin olduğu avtomobili partladıb.
Bəlucistan hökumətinin nümayəndəsi Ənvər ul-Hak Kakarın bildirdiyinə görə, hadisə nəticəsində Sərhəd Korpusunun 6 əməkdaşı yerindəcə ölüb, 2 nəfər isə yaralanıb.
İkinci terror isə Pəncqur mahalında baş verib. Naməlum şəxs Sərhəd Korpusunun əməkdaşına atəş açıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.